Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.
"Reels.az"xəbər verir ki, bu barədə "Report"a İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.
O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirilib.
Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib. Onun nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyi məlum olsa da, bəstəkar dəqiq diaqnozu heç vaxt açıqlamayıb. Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Bu xəstəliklərin dəqiq səbəbi bilinmir, cərrahi müalicəsi də yoxdur.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.